Aesculus hippocastanum
Adi atşabalıdı (lat. Aesculus hippocastanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü.
== Ümumi məlumat ==
Dünya florasının tərkibində fəsilənin 18–20-ə qədər növünə təsadüf edilir. Bu növlərin içərisində mədəni halda əkilib becərilən növlərdən biri də atşabalıdı — Aesculus hippocastanum L. hesab edilir.
Atşabalıdı ilə adi şabalıd morfoloji və generativ xüsusiyyətlərinə görə bir-birinə oxşar olmalarına baxmayaraq, fərqli cəhətləri də çoxdur. Birincisi bu iki bitki ayrı-ayrı fəsilələrə aiddir, atşabalıdının meyvəsi acımtıl olduğu halda, adi şabalıdın meyvəsi yeməlidir.
Aesculus L. cinsinin növləri ən çox Balkan yarımadasında, şimali Amerika ərazilərində, şərqi Asiyada, Himalayda, keçmiş SSRİ ərazilərində yayılmışdır. Qafqazda, o cümlədən Azərbaycanda mədəni halda 1 növünə rast gəlinir.
Atşabalıdı mədəni halda ən çox Ukraynada əkilib becərilir. Burada hər il 190 tona yaxın toxum, 10 tonlarla yarpaq xammalı toplanıb müalicəvi preparatların hazırlanmasına sərf edilir.